“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Təcrübəli təhsil işçisi Vahid Tağıyev doğum günü münasibətilə təbrik edildi

News Image

Təcrübəli təhsil işçisi Vahid Tağıyev doğum günü münasibətilə təbrik edildi

10 oktyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İmişli Rayon Komitəsinin rəhbərliyi uzun illər təhsil sahəsində çalışmış Vahid Tağıyevlə doğum günü münasibətilə görüş keçirmiş, peşəkar təhsil işçisini təbrik etmiş və fəxri fərman təqdim etmişdir.


   Məlumat üçün bildiririk ki, Vahid Tağıyev Müzəffər oğlu 44 illik əmək fəaliyyətini təhsil sahəsinə, əsasən də təhsilin təşkili və idarə olunmasına həsr etmişdir.

  Pedaqoji fəaliyyətə 5 il müəllim işləməklə başlamışdır. Sonra İmişli Rayon Təhsil Şöbəsində metodist, metodik kabinetin direktoru, baş məsləhətçi və müdir müavini vəzifələrində çalışmışdır. Bir müddət rayon təhsil şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.

   2022-ci ildə təhsilin idarə edilməsində aparılan yeni islahatla əlaqədar regional təhsil idarələri yaradıldıqda Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoru üzrə müdiri olmuşdur.

   Metodik kabinetin direktoru işlədiyi dövrdə onun iş təcrübəsi Azərbaycan Müəllimlər İnstitutu və Təhsil İnstitutu tərəfindən öyrənilərək yayılmışdır.

   Bir neçə il Azərbaycan Müəllimlər İnstitutuna dəvət olunaraq ştatdankənar metodist kimi ixtisasartırma və təkmilləşdirmə kurslarına cəlb edilən məktəb rəhbərləri və müəllimlər qarşısında təhsilin təşkili və idarə olunması ilə bağlı praktik mühazirələr aparmışdır.

   Azərbaycan müəllimlərinin qurultaylarında iştirak etmiş, respublika səviyyəli müxtəlif konfrans və tədbirlərdə dəfələrlə iştirak etmişdir.

   Onun təşəbbüsü və təşkilatçılığı ilə İmişli rayonunda dörd dəfə respublika səviyyəli elmi-praktik konfrans keçirilmişdir.

   Vahid Tağıyevin təhsilin müxtəlif sahələri, istiqamətləri, idarəetmə və işin təşkili haqqında qabaqcıl iş təcrübələri ilə bağlı yazıları uzun illər ərzində respublika pedaqoji mətbuatında dərc olunmuşdur.

   Onun təşəbbüsü və təşkilatçılığı ilə respublikada ilk nümunələrdən biri kimi İmişli Fəal və Gənc Müəllimlər Birliyi yaradılmışdır. Birliyin fəaliyyəti dövründə fəal və istedadlı müəllimlərin iştirakı ilə 20-dən çox yaradıcı layihə həyata keçirilmiş, zona üzrə gənc müəllimlərlə görüşlər təşkil olunmuşdur.

   Azərbaycan Respublikası Təhsil Şurasının yarandığı ilk dövrdən onun fəaliyyətində yaxından iştirak etmiş, müxtəlif vaxtlarda Şuranın İdarə Heyətinin üzvü olmuşdur.

   2019- 2021-ci illərdə respublikada müəllimlərin işə qəbulu prosesinin müsahibə mərhələsində komissiya sədri kimi fəaliyyət göstərmişdir.

   Təhsil sahəsindəki fəaliyyəti dövlət tərəfindən qiymətləndirilmişdir. “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Müxtəlif illərdə fəxri fərman və təşəkkürnamələr almışdır.

   2024-cü ildə əmək fəaliyyətini davam etdirməsi üçün yaş həddinə çatdıqdan sonra da təhsil sistemində qalması aidiyyəti strukturlar tərəfindən təklif edilsə də, Vahid Tağıyev 65 yaşı tamam olduğu gün öz ərizəsi ilə təhsil sistemindən ayrılmışdır.

   Onun çoxillik fəaliyyəti təhsil, müəllim və idarəetmə ilə bağlı çoxsaylı işlər, təşəbbüslər və layihələrlə müşayiət olunmuşdur.

  Hazırda yeni tələblər səviyyəsində təhsilin idarə olunması, müəllim fəaliyyəti və təhsilin inkişaf istiqamətləri ilə bağlı yazıları müxtəlif mətbuat orqanlarında, internet resurslarında və sosial şəbəkələrdə dərc olunur, ictimai müzakirələrə səbəb olmaqda davam edir.

  Vahid müəllimi bir daha təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür arzulayırıq.

Hər il dünyada 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir

News Image

Hər il dünyada 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir

Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının İmişli Rayon Komitəsinin sədri Kərim Kərimov İmişli şəhər Əli Səmədov adına 6 nömrəli tam orta məktəbi kollektivi ilə görüşdə 7 oktyabr Layıqli Əmək Günü kimi qeyd edilir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.


Layiqli əmək – səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir.


Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir. Azərbaycanda layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri kimi qəbul olunur.


Aparılan işlərin əsas məqsədi ölkə vətəndaşının sosial siyasətin nəticələrini öz həyatında yaxından hiss etməsinə, onun rifahına təminat yaradan bu sosial siyasətdən layiqli şəkildə faydalana bilməsinə əlverişli şərait yaratmaqdır.


Tədbirin sonunda təhsil müəssisələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlar iştirakçıların diqqətinə çatdırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

#AHİK #ETİHİ #LayiqliƏməkGünü

İmişlidə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

News Image

İmişlidə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İmişli rayonunda tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Təhsil Sektorunun məsul əməkdaşları, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 Tədbirdə giriş nitqi ilə çıxış edən icra başçısı müəllimləri peşə bayramı münasibətilə səmimiyyətlə təbrik edib, onların cəmiyyətin inkişafında, gənc nəslin vətənpərvər, bilikli və məsuliyyətli vətəndaş kimi formalaşmasında əvəzsiz rol oynadıqlarını vurğulayıb. Bildirib ki, bu gün müstəqil Azərbaycanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter alıb. Ölkə rəhbərliyinin təhsil sahəsinə diqqət və qayğısı sayəsində milli təhsilimizin aydın sabahını təmin edəcək “İnkişaf Proqramları” uğurla reallaşdırılır, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasından təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir.

    

Sonda təhsilin inkişafında səmərəli fəaliyyətinə və gənclərin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə bir qrup fəal müəllim RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar müəllimlərlə silsilə görüşlər keçirilib

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar müəllimlərlə silsilə görüşlər keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin və ETİHİ-nın İmişli Rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayonun fəal müəllimləri ilə görüş keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi sədrinin müşaviri Əlisa Qurbanov, İmişli Rayon Komitəsinin sədri Kərim Kərimov və rayonun fəal müəllimləri iştirak ediblər.

Görüş zamanı müəllim əməyinə göstərilən yüksək ehtiram ifadə olunub, pedaqoqların təhsilin inkişafında, gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişdirilməsində mühüm rolu və əvəzsiz xidmətləri vurğulanıb.

Çıxış edənlər müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onların şərəfli və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirərək möhkəm cansağlığı, tükənməz enerji və yeni nailiyyətlər arzulayıblar.Sonda müəllimlər göstərilən diqqət qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.

27 Sentyabr – Anım Günü ilə əlaqədar İmişli rayonunda yerləşən Şəhidlər Xiyabanında anım tədbiri keçirilib

News Image

27 Sentyabr – Anım Günü ilə əlaqədar İmişli rayonunda yerləşən Şəhidlər Xiyabanında anım tədbiri keçirilib


İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon hüqüq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.


Tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarlarını ziyarət edib, onların əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad ediblər. Şəhidlərin məzarları önünə tər qərənfillər düzülüb, təhsil sektoru adından əklil qoyulub.


Anım mərasimində şəhidlərin qəhrəmanlığının və Vətən qarşısında göstərdikləri fədakarlığın heç vaxt unudulmayacağı vurğulanıb.


Tədbirin sonunda İmişli Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.


İmişlidə Bilik günü münasibəti ilə tədbir keçirilib.

News Image

İmişlidə Bilik günü münasibəti ilə tədbir keçirilib.

15 Sentyabr – Bilik Günü münasibətilə Ş.Məmmədov adına İmişli şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.


Tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, həmçinin Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Çıxışlarda yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdlər təbrik olunub, təhsil sahəsində qarşıda duran vəzifələrdən bəhs edilib.


Qeyd olunub ki, bu il Azərbaycanda 124 minə yaxın uşaq ilk dəfə məktəbə qədəm qoyacaq.


Tədbirdə məktəbə ilk addımlarını atan birincilər təbrik edilib, onlara uğurlar arzulayıblar.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

Müəllimin 65 illik yubileyi qeyd olunub

News Image

Müəllimin 65 illik yubileyi qeyd olunub

Qaragübəndikli kənd tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Sara Gözəlovanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə ETİH İmişli Rayon Komitəsinin sədri, Kərim Kərimov məktəbin direktoru Dilarə Əzizova, ilk həmkarlar təşkilatının sədri Əzizağa Əzizov, məktəbdənkənar işlər üzrə təşkilatçısı və digər kollektiv üzvləri iştirak ediblər.

Çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edib, onun uzun illər ərzində pedaqoji fəaliyyətindən, zəngin və mənalı həyat yolundan, təhsil sahəsinə verdiyi töhfələrdən bəhs ediblər.

Sonda Sara müəlliməyə yubiley münasibətilə qiymətli hədiyyə təqdim olunub, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.

İmişlidə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib

News Image

İmişlidə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib


   Sentyabrın 4-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirib. İmişli rayonunun Heydər Əliyev Mərkəzində baş tutan görüşdə icra başçısı ilə yanaşı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, ETİHİ-nin İmişli rayon təşkilatının sədri Kərim Kərimov, məktəb direktorları məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir əvvəlcə Dövlət Himninin səsləndirilməsi, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız uğrunda misilsiz qəhrəmanlıqlar göstərərək şəhid olmuş xalqımızın igid oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Görüşü giriş sözü ilə açan icra başçısı tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayaraq müstəqil Azərbaycana ləyaqətlə xidmət etməyi tövsiyə edib. O, ümummilli lider Heydər Əliyevin təhsilə və gənclərin inkişafına həmişə misilsiz qayğı göstərdiyini xatırladıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

  İcra başçısı həmçinin qeyd edib ki, ölkəmizdə həyata keçirilən təhsil islahatları və strateji qərarlar müasir çağırışlara uyğun güclü insan kapitalının formalaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclası süni intellektin bu günün əsas inkişaf amili olduğunu bir daha təsdiqləyib. O bildirib ki, qarşıda duran əsas məqsəd təkcə texnologiyadan istifadə edən deyil, həm də onun yaratdığı imkanları düzgün, məsuliyyətli və kibertəhlükəsizlik qaydalarını nəzərə almaqla insanın inkişafına yönəldən bilikli və yaradıcı nəsil yetişdirməkdir. 

Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, bu gün ölkəmizdə gənclərin təhsil almasına, müasir biliklərə yiyələnməsinə və öz potensialını reallaşdırmasına xüsusi diqqət göstərilir. Bu siyasətin mərkəzində isə insan kapitalının inkişafı dayanır. Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənclərin təhsili, onların müasir dünyada rəqabət aparmaq imkanlarının artırılması mühüm istiqamətlərdən biridir. Azərbaycan gənci artıq yalnız öz ölkəsində deyil, dünyanın müxtəlif universitetlərində, elmi və texnoloji mərkəzlərində özünü göstərmək imkanına malikdir. Bu imkan böyük məsuliyyət də yaradır. Çünki Azərbaycan sizdən yalnız yaxşı mütəxəssis olmaqla yanaşı, həm də yaxşı insan, məsuliyyətli vətəndaş və öz ölkəsinə fayda verən şəxsiyyət olmağı gözləyir.

   Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər. Sonra qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin RİH başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Sonda məzunlarla xatirə şəkili çəkdirilib.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

“Ulu Öndərin izi ilə böyüyən nəsil” adlı tədbir keçirilib

News Image

“Ulu Öndərin izi ilə böyüyən nəsil” adlı tədbir keçirilib

Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşkilatçılığı ilə İmişli şəhər 4 nömrəli uşaq bağçasında “Ulu Öndərin izi ilə böyüyən nəsil” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, ETİHİ İmişli rayon komitəsinin sədri Kərim Kərimov, İmişli şəhər 4 nömrəli uşaq bağçasının müdiri Günel Əmirova, əməkdaşlar və uşaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqının milli sərvəti, dövlətimizin inkişaf yolunun isə möhkəm ideoloji təməlidir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənib, ölkəmiz davamlı inkişaf yoluna qədəm qoyub və müasir dövlətçilik ənənələri daha da güclənib. Səfa Ağayev vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Gələcəyimiz olan uşaqların sağlam düşüncəli, savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə məktəbəqədər təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Çünki uşaqlıq illərində formalaşan dəyərlər insanın gələcək həyatında onun dünyagörüşünə və şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir.

ETİHİ İmişli rayon komitəsinin sədri Kərim Kərimov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı müstəsna roldan danışıb. Bildirib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində dövlətçilik, milli birlik və inkişaf anlayışları ilə sıx bağlıdır. Ulu Öndərin zəngin siyasi və mənəvi irsi bu gün də xalqımız üçün böyük örnəkdir.

İmişli şəhər 4 nömrəli uşaq bağçasının müdiri Günel Əmirova tədbirin əhəmiyyətindən danışaraq belə görüşlərin uşaqların milli-mənəvi dəyərlər ruhunda böyüməsinə, onların Vətənə və dövlətə bağlılıq hisslərinin formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Tədbirin ən yaddaqalan məqamlarından biri isə azyaşlıların hazırladıqları müxtəlif bədii kompozisiyalar olub. Uşaqlar şeirlər, mahnılar və səhnəciklərlə çıxış edərək Ulu Öndər Heydər Əliyevə, doğma Azərbaycana və Vətən sevgisinə olan saf və səmimi duyğularını nümayiş etdiriblər. Onların çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.